Bir gün gəlib görərsən ki.

on

71821812_2222199947885657_831002766489944064_nBir gün gəlib görərsən ki, mənzilinin qapısı aralıdır. Dəhlizin işığı yanmır. Otaqlar da qaranlıqdır, mətbəx də. İçəridən, hər gün olduğunu kimi pürrəngi çayın yox, yalnızlığın qoxusu gəlir.
Səssizlik qarşılayar səni, yalnızlığın dilində “Xoş gəlmisən” deyər.
Xoş gəlmisən?…
Bir gün gəlib görərsən ki, evin bom-boşdur. Yox, yox!… Yerindədir xalı da, masa da, çarpayı da. Qab-qacağa da dəyən olmayıb, pal-paltara da. Bircə mətbəxdəki qaz plitəsinin üstü boşdur. Çay soyuyub, yemək yoxdur. Güldandakı çiçəklər boynunu büküb, evin küncləri hörümçəklərə yuvadır. Bir vaxtlar ütülü olan köynəyin indi qırış-qırışdır. Pencəyin ləkəli, corabın taykeşdir.
Bir gün gəlib görərsən ki, evin-eşiyin yetim qalıb.
Bir gün gəlib görərsən ki, O yoxdur.
Toplayıb, divara çırparaq sındırdığın fincanla birlikdə çiliklənən ümidlərini, duzsuzdur deyə süfrənin kanarına itələdiyin yeməklə birlikdə soyuyan sevgisini… Toplayıb yolunan saçlarını, üzünün şişkinliyini, göyərtisini, hər gecə balışı isladan göz yaşlarını. Toplayıb evin bir küncünə qısılıb qalmış təbəssümünü, titrək səsini, ürkək hərəkətlərini.
Toplayıb… gedib!
Yan otaqdan qadın hənirtisi yox, pəncərə küncündən içəri sızan küləyin vıyıltısı duyular. Əllərini payızın soyuq nəfəsi yox, evinin nəfəssizliyi üşüdər. Əsəblərinə toxunan televizordakı serialın səsi yox, dörd divarın səssizliyi, evdəki sükutu pozan tək səs isə zəncirlənmiş qonşu köpəyinin zingiltisi olar.
Bir gün gəlib görərsən ki, evin başına uçub, xəbərin yoxdur…

Nar çiçəyi (10.10.2019)

Оставьте комментарий